Təyyarə qəzasında həlak olanların borcları SİLİNDİ
Aktauda Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan vətəndaşların borcları silinib.
Bu barədə Modern.az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib.
“Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 25 dekabr 2024-cü il tarixində qəzaya uğraması nəticəsində həlak olan ekipaj heyətinin və sərnişinlərin banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silib.
Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik” – açıqlamada bildirilib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.