Bu gün mərhum aktyor Fərman Abdullayevin doğum günüdür.
Kulis.az əfsanəvi Fərman Şəkilinin həyat və yaradıcılığı haqqında Aliyənin yazısını təqdim edir.
Fərman Abdullayev Şəkidə doğulub. Şəkili olduğundan ona “Fərman Şəkili” deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb.
Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verlişindəki Şurum-Burum obrazı ilə tanıyıb və seviblər.Klounada sənətini ilk dəfə o, Azərbaycana gətirmişdi. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam verirdilər.
Azərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan “Dahi” adlı pantomim pyesin müəllifi olub.
Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.
Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da ona mükafatda nəzərdə tutulan məbləği vermirlər. Amma əvəzində Fərman Şəkilinin Azərbaycan kino teatr məkanında heç kimdə olmayan “Teatr fədaisi” adı var.
Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan “Mışovul” filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən “Fransız”da da, “Yalan”da da, “Həm ziyarət həm ticarət”də də, lap elə “Sarı gəlin”də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.
Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin “Hophopnamə”sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.
Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə iki-üç qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir:
– Neçə illik stajım var, batar axı.
Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.Dini inancını xristianlıqda tapıb. Buna görə qınanılıb, amma Fərman Şəkili öz inandığına tapınan biri idi. Sənətə də eynən belə inanıb tapınmışdı.
Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib.
***
“Sənət tale ilə mübarizədi,
sənət antitaledir”
Antonen Arto
Biz onu unutmuşduq… Başımız lazımlı adamlardan səs-küylü müsahibələrə, sorğulara qarışmışdı. O, ölümü ilə unutduğun bir adamın itkisinin nə qədər acı olmasını anlatdı. Sanki o, özü üçün addım-addım yaxınlaşan, bizim üçünsə qəfil olan ölümü ilə hamıdan qisas aldı. Unutmağımızın qisasını.
Amma tanıyanlar deyir, aktyor Fərman Şəkili keçmişin nisgili ilə, incikliklərlə yaşayan, küsən adam deyildi, o da anında unudurdu, haqsızlığa, laqeydliyə üz çevirib gedirdi və belə qisas onun janrında deyildi. Amma elə bu özü də acı idi – biz qisas almağa dəyməzdik. Onun dəyərləri yanında bunlar nə idi ki?
O bu dəyərlərə görə nələrdən keçmişdi… bunu bir ailəsi, bir dostları, yaxınları bilir. İndi sənət fədaisi sözünə kim inanır? Amma Fərman Şəkilinin belə bir fəxri adı var və bu, onun yeganə və tərtəmiz qazancı idi…
İlk pantomim tamaşasını o hazırlayıbmış
Fərman Abdullayev 1954-cü ildə Şəkidə doğulmuşdu. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil almış, uzun müddət Şəki Dövlət Teatrında çalışmışdı. Şəki teatrının Avropa səfərlərində truppanın aparıcı aktyorlarından biri kimi böyük əmək qoymuşdu. Bizim 90-cı illərin əvvəlindən başladığını dediyimiz Azərbaycan pantomima tarixində sən demə ilk tamaşanı o, 1980-ci illərin əvvəllərində hazırlayıbmış.
“Dahi” adlı pantomim pyesin müəllifi də özü imiş.
Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Bakının teatr ictimaiyyəti aktyor Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edir. Və elə ilk uğurdan laqeydlik başlayır, festivalın qran-prisini qazansa da, ona mükafatda nəzərdə tutulan məbləği vermirlər. Halbuki, Şəkidən Bakıya təzəcə köçən-həm də o paytaxta ki, sənətkarları qollarını ürək açıqlığı ilə ona açmamışdılarv – Fərman Şəkilinin ailəsinin bu məbləğə ehtiyacı vardı. Sonra teatra total laqeydlik Hüseynağa Atakişiyevin son illərində olduğu kimi eyni ssenari ilə davam edir. Onu görməzliyə vurmaq, edilən cəhdlər, uğursuzluqlar…
Sınıq şüşə
İstedadlı adama uğursuz demək olarmı? Niyə uğursuz? Həyat yoldaşı İradə xanım yalnızca “O, hamıya inanırdı…” deyir. “Teatrın pis vaxtlarına düşdü” də demək olar. Amma bir həqiqət dəqiqdir – onun arzuları, dəyərləri ətrafdakılarla ziddiyyətdə idi. Daxilən faciəvi dünyası olan aktyorun komik ampluada tanınması kimi… Yoxsa bu, doğrudan, tale idi? Özünün danışdığı lətifədəki kimi şüşəsi qırıq idi?
“Dəliləri təyyarə ilə Şəkiyə aparırlar ki, başları qarışsın. Оnlara yоlda içməyə “Sirab” alırlar. Yarı yоlda görürlər ki, heç kim yохdur təyyarədə, təkcə biri qalıb. Оndan sоruşurlar ki, yоldaşların hanı, cavab verir ki, şüşələri mağazaya qaytarmağa getdilər. Deyirlər, bəs sən niyə getmədin? Cavab verir ki, mənim butulkamın ağzı sınıqdır”.
Bulvarda yay teatrı açmaq istəyirdi…
Kölgə teatrı yaratmaq istəyirdi…
Uşaq teatrı layihəsi vardı…
İradə xanım təəssüf və həyəcanla əlavə edir: “Aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir ha… Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O, insanlara inanırdı…”
Uşaq kimi – KİŞİ kimi
Klounada sənətini ilk dəfə o Azərbaycana gətirmişdi…
Bu uşaqlar hardan bilsinlər
yaxınlarda savaş
başlanacaq,
“Sizlərə tuşlanıb yer üzündəki
bütün mərmilər”
desən,
yenə güləcəklər,
öz karton evciklərində
gizlənəcəklər.
R.Qaraca
Uşaqları güldürmək, onları xoşbəxt görmək üçün tullanıb düşən gülməli adam… Onun haqqında gedən verilişlərdən birində göstərilən bu kadrlar sanki onun bütün çabalarının qısa məzmunu idi – bu fani dünyada yeganə dəyəri olan körpə gülüşü, o balaca, təmiz insanın indiki və gələcək xoşbəxtliyi idi. Fərman Şəkili adında bir adam bütün vücudunu, enerjisini, həyatını buna xərcləyirdi.
İradə xanım deyir ki, bəziləri ona başqa cür yanaşır, amma Fərman Şurum-Buruma (Aktyorun Uşaq verilişində yaratdığı kloun obrazı nəzərdə tutulur – red.) əlacsızlıqdan keçmədi:
“O bu sahədə boşluğun olduğunu görürdü. Klounada sənətini ilk dəfə o Azərbaycana gətirmişdi. İlk klounlar bunu bilirlər. Bir dəfə şənlikdə idik, klounlardan biri yaxınlaşıb Fərmana hərbi qaydada salam verdi. Bu elə təsirli idi ki… İndiki uşaq verilişlərinə baxa bilmirdi. O, uşaqların baxa biləcəyi veriliş istəyirdi. Uşaqları həddən çox sevirdi. Uşaqlara qoşulub uşaqlaşa bilirdi. Amma uşaqları avara buraxmağın əleyhinə idi. Evdə nəvələri üçün də cədvəl düzəltmişdi -idman, yemək, rəsm, musiqi saatları. O heç vaxt uşaqlarının üstünə kiminsə yanında acıqlanmazdı. Onları azad böyüdürdü. O uşağı aşağılamağa dözə bilmirdi. Deyirdi ki, uşağı sındırmaq olmaz. Oğlan uşağıdırsa, onunla kişi kimi rəftar etmək lazımdır, qızsa, xanım kimi. Onun ölümünü uşaqlara – nəvələrinə izah etməli idim. Dedim ki, gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünü ağıllı aparın. Onlar da bəzən onun şəkli ilə danışırlar…”
Fərman müəllimin evində qonaq olduğumuz gün nəvəsi 4 yaşlı Türkanın sevincli günü idi. O, gimnastika yarışında mükafat qazanmışdı. Olduqca sadə evdə bir ürək genişliyi var. Bir də şirin Şəki ləhcəsi. Fərman Şəkilinin oğlu Edqar, anası Natella xanım, bacısı Tamilla xanım mənimlə birgə İradə xanımı dinləyirlər. Bəzən adam illərlə bir yerdə olduğu insan haqqında daha çox şeylər öyrənir.
İradə xanım danışdıqca tələsir, onu anlatmaq həyəcanvericidir həm də. Axı o İradə xanımı dəyişə bilmişdi. Fərman Şəkili ilə necə tanış olmaları haqda danışdırmaq istəyəndə İradə xanım eyni sevgi və heyranlıqla onu təsvir edir.
Fərman Abdullayev Şəki Teatrının məşhur, sevilən aktyoru. İradə xanım təyinatla Şəki Teatrına gəlmiş gənc aktrisa. Hamının gözü Fərmanda ikən, o, İradə xanıma vurulur.
İradə xanım deyir ki, bu mənim üçün gözlənilməz idi: “Onun sevgisini hiss edəndə mən artıq uçurdum”.
Fərman Şəkilinin bacısı Tamila xanım əlavə edir: “İradə çox gözəl idi o zaman”.
İradə xanım söhbəti bağlamağa çalışır: “Gözəllik müvəqqəti şeydir. Fərman mənə dünyanı başqa cür tanıtdı. O, məni çox dəyişdi. Qadınam, hərdən yaxşı ev, rahatlıq və başqa şeylər arzulayırdım, deyirdi ki, mən utanaram elə evdə yaşasam”.
Fərman Şəkilinin qadını belədir, o keçirdikləri günlərdən danışanda yaşadıqları maddi ehtiyacları sözlərin arasında gizləməyə çalışır. Çünki əri ona mənəvi dəyərləri göstərib, onu, onun dəyərlərini bu XIRDA-XURUŞ maddi ehtiyaclarla aşağılamaq olmaz. O bunu yaxşı bilir. Bir qadının belə bir narahatlığı dəhşətli dərəcədə gözəldir. Və bu gözəlliyi görəndə, həqiqətən də, onun Tamilla xanıma etirazına haqq verirsən.
Həqiqət isə budur ki, İradə xanım keçmişdə qalıb, Fərman müəllimlə birgə keçirdiyi günlərdə: “Mən onsuz yaşamağı təsəvvür etmirdim, həqiqətən də, yaşaya bilmirəm. Sevgililərə “yar” deyirlər, onlar bir-birinin yarısı olur, Fərman mənim yarım deyildi, hamısı o idi… O qürurlu adam idi, icazə də vermədi ki, xəstəliyi haqqında kimsə bilsin. Özünü sona kimi mərdanə apardı. Yalnız mənə əziyyət verdiyinə görə narahat olurdu. Hərçənd, o, nə xəstəxanada yatdı, nə bir şey. Özü istəmədi. Sonadək də evdə, ayaq üstə oldu”.
Son nəfəsdə
Filmin sonu
“…Əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o, “bitdi” demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb.”
Həyat yoldaşı İradə xanımın Fərman Şəkilinin həyatının son dəqiqələri haqqında danışdığı bu epizod Qodarın “Son nəfəsdə” filmindəki Belmandonun qəhrəmanı Mişelin ölümünə bənzəyir.
Mişel yaşamaq üçün şans verən hər şeydən imtina edə-edə gedir və bununla o, təslimçi həyatı yox, etrazçı ölümü qəbul edir. Son nəfəsdə, təxminən, oxşar mimikalar edir. Rolunu sonadək şərəflə oynayır. Aktyor Fərman Şəkili kimi…