Millitv.net bildirir ki, tanınmış teleaparıcı Ceyran Rəhimova doğum günündə Moderator.az-ın suallarını cavablandırıb.
-Ceyran xanım, öncə doğum gününüzü ürəkdən təbrik edirik. Ad günü sizin üçün nə anlam kəsb edir?
-Bu anlam hər il dəyişir. Təbii ki, 25 yaşında bir anlam, 30-da bir, 35-də isə başqa bir anlam kəsb edirdi. İnsanın yaşının üstünə yaş gəldikcə anlamın bu cür dəyişdiyini heç ağlına belə gətirmir. Həyatda hər şey-insanın ətrafı, həyatı, düşüncələri dəyişdiyi kimi bu da dəyişir. Doğum günü mənim özəl günümdür. Bu özəl günümdə ailəmdən, sevdiklərimdən, tanıdığım insanlardan xüsusi diqqət görürəm. Hər bir qadın xüsusi diqqət görəndə daha da xoşbəxt olur. Üzü gülür, tamam başqa bir ovqatda olur. Allahın bəxş etdiyi həyatı sevə-sevə yaşayıram. Çalışıram gülərüz olum. Amma builki doğum günümdə həm də bir az kədərliyəm. Ətrafımda mənə doğma, çox əziz olan insanların yoxluğuna təəssüflənirəm. Onlar mənim həyatımda əksikdir. Ona görə də keçənilki doğum günümü də qeyd etmədim, builki doğum günümü də qeyd etməyəcəm. Təbii ki, növbəti illərdə də bu belə olacaq. Bu dərd mənim ürəyimdədir. Mənimdir. Mənim qədər o kədəri, o yoxluğu, o dərdi ikinci çəkə bilən bir adam yoxdur. Çünki bu dərd mənim özümündür. Bununla belə bu dərdi ətrafımda məni sevən, mənə doğma olan, üzümün gülməyini görmək istəyən insanlara yansıtmalı deyiləm. Əgər ürəyimin dərinliyində mənim göz yaşlarım axırsa, bu gün həm də üzüm gülməlidir. Mənim sevdiyim insanlar olduğu kimi, məni də sevən insanlar var. O insanlar mənim həyata yenidən bağlı olmağımı istəyirlər. Bilirəm ki, onlar mənim üçün nələrsə hazırlayacaqlar. Onların hamısı bilir ki, mənim ürəyimin içində nələr var. 7 ay öncə bacımı itirmişəm, ona görə də çalışacam buil doğum günümü qeyd etməyim.
-Həyatınızda nə çatışmır?
-İnsanın hər zaman çatışmayan nəyisə olur. İnsan ətrafında nə varsa onunla xoşbəxt olmağı, kifayətlənməyi bacarmalıdır. Təbii ki, həyatımda doğmalarımın itkisi çatışmır. Ürəkdən sevdiyim insanlar yanımda çatışmır. Yeganə çatışmayanım budur. Allah nəyi veribsə şükürlər olsun. Mən dünya malına, mülkünə heç vaxt önəm verməmişəm. Yetər ki, ətrafımızdakı insanlar sağlam olsun. Şükür Allaha, sağlamlığım yerindədir.
-Bugünki efirlərdə sizi nə qane etmir?
-Yəqin ki, siz şou xarakterli verilişləri nəzərdə tutub mənə bu sualı ünvanladınız. Məni qane etməyən bilirsiniz nədir? Qalmaqal çoxdur, sənət yoxdur! Sənətə biznes kimi baxanlar, sənətə sənətəkar kimi xidmət edənləri vurub keçib. Mən elə sənətkarlarla çalışmışam ki, onlar bu gün xalq, əməkdar artistləridir. Onların özləri artıq professor, ustaddırlar. Amma bu gün görürəm ki, sənəti biznesə çevirən insanlar çoxdur. Bunu ifrat dərəcəsinə gətirib çıxartmaq, tamaşaçını bununa yormaq lazım deyil. Hərhalda biz vicdanla xidmət etməliyik. Axı bu sənət bizimdir, bunun keşiyində durmalıyıq. Televiziya şirkətləri sənətin keşiyində layiqincə durmurlar.
-Yenidən efirlərə qayıtmağınızla bağlı xəbərlər yayıldı. Amma hələ ki, tamaşaçıların gözü intizarda qalıb…
-Təbii ki, hər verilişi ərsəyə gətirib, ortalığa çıxartmaq üçün vaxt və vəsait tələb olunur. Uzun illərdən sonra tamaşaçı qarşısına çıxdığım üçün daha peşəkar şəkildə efirlərə qayıtmaq istəyirəm. Təbii ki, efirə geri dönəcəm. Amma efir xatirinə efirə çıxmaq düzgün deyil. Bu işlər bir az zaman alır. Bu həm də böyük bir məsuliyyətdir. Efirə ciddi yanaşmaq lazımdır. Efirlə zarafat etmək olmaz. Bütün bunların hamısını bir-bir nəzərdən keçirib, özümü hazır biləndə və düzgün zamanda efirə qayıdacam.
-“Sən bir nəğmə” verilişini bu gün hazırlasanız tələbat olarmı?
-“Sən bir nəğmə” verilişi mənim brendimdir. Bu mənim müəllif və aparıcısı olduğum bir veriliş idi. Bu verilişi də davam etdirmək niyyətindəyəm. Həmin verilişə də dəvət etməyə kifayət qədər professional sənətçilər var. İstər orta nəsil olsun, istərsə də yaşlı nəsil. Əlbəttə ki, ora sırf sənətlə məşğul olan sənətkarları dəvət edərəm. Mənim verilişimdə sıradan müğənni yaxud şəxs ola bilməz.
https://newstube.az/embed/172305