Xəbərlər

Millinews.az – Bakının Səbail rayonu ilə ABŞ-ın Oyl Siti şəhəri qardaşlaşıb

Azərbaycanın paytaxtı Bakı şəhərinin Səbail rayonu ilə ABŞ-nin Pensilvaniya ştatının Oyl Siti şəhəri arasında “Qardaşlaşmış Şəhərlər haqqında Protokol” imzalanıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, tarixi razılaşmanın reallaşması çərçivəsində Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ABŞ-nin Pensilvaniya ştatına səfər edib.

İmzalanma mərasimində ştat və şəhər meriyasının rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri, diplomatlar və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Protokolda qardaşlaşmış şəhərlər arasında iqtisadi, mədəni, turizm və ümumi maraq doğuran digər bütün sahələrdə əməkdaşlıq, birgə proqram və layihələrin təşkili, habelə təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərasimdə qeyd olunub ki, əldə olunmuş razılıq əsasında, həmçinin Oyl Siti şəhəri və Səbail rayonu arasında dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək planlaşdırılır.

Mərasimdə səfir X.İbrahim yerli medianın suallarını cavablandırıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Diplomat qeyd edib ki, ölkəmizlə neft sənayesi ilə bağlı ortaq dəyərləri bölüşən regionda ilk neft quyusu Azərbaycandan tam 13 il sonra, 1859-cu ildə Pensilvaniya ştatının Titusvil ərazisindəki Dreyk bölgəsində qazılıb.

Dünyanın bu iki fərqli bölgəsində baş vermiş neft sənayesi ilə bağlı tarixi hadisələr bugünkü əməkdaşlığın tarixi köklərinin əsasını və möhkəm təməlləri təşkil edir.

Konfransın rəsmi hissəsindən sonra Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən qonaqlar, o cümlədən ştat sakinləri üçün ziyafət təşkil olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu